Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

“İslam Peyğəmbəri Həzrət Məhəmməd timsalında lider” kitabının ön sözü

Tarix: 24.12.2014 | Bu məqalə 1. 902 dəfə oxunub.

“Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!”
Heydər Əliyev

1934-cü il təvəllüdlü Con Adeyr (John Adair) liderlik üzrə araşdırmalar sahəsində dünyanın ən məşhur simalarından biridir. Adeyr həmçinin “Praktik yönümlü liderlik” (Acti­on-Centred Leadership) proqramının (kurslarının) qurucu­su­dur. İndiyədək milyondan çox iş adamı, dövlət işçisi və liderlik qabiliyyətinə malik şəxslər bu kurslarda iştirak etmişdir. Onun liderlik sahəsində qələmə aldığı qırxdan artıq kitabın, demək olar, hamısı çox satılan nəşrlər siyahısına daxil olmuşdur. 2010-cu ildə ilk dəfə liderlik haqda nəzəri biliyini tarixi bir şəx­­siyyətin həyatı ilə birləşdirmək qərarına gəlmiş və bu kitabı ər­səyə gətirmişdir.

Kitabına mövzu kimi seçdiyi tarixi şəxsiyyət isə İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafadır (sallallahu aleyhi və səlləm). Bu seçim ilk baxışda təəccüblü görünə bilər. Çünki (birincisi) kitabı Qərb oxucuları üçün qələmə almışdır (Ən azı orjiinalı ingilis dilindədir). Həmin regionda İslamafobiyanın geniş yayıldığını nəzərə alsaq, müəllif Qərbə daha yaxın görünən şəxsiyyətlərdən birinə üstünlük verə bilərdi. (İkincisi) Adeyr müsəlman deyil, hətta yaxşı oxucu olsa və bu sahədə özünü inkişaf etdirməyə çalışsa belə, İslamiyyət və İslam Peyğəmbəri (sallallahu aleyhi və səlləm) haqda məlumatı az idi. Ərəb dilini bilməyən Adeyr məcburən tərcümə mənbələr istifadə edəcəkdi ki, bunların da bir çoxu oriyentalizmin qərəzli yanaşması üzündən qüsurlu idi. (Üçüncüsü) Adeyrin digər əsərlərində işlətdiyi sekulyar (dünyəvi) və eklektik dilə bu kitabında da rast gəlirik.

Bütün nöqsanlara baxmayaraq, bu kitabı dilimizə tərcümə etmək qərarına gəldik. Kitabın müsbət cəhətlərinin qüsurlarından artıq olduğunu deməyə kifayət qədər səbəb var. Bi­rincisi, liderlik sahəsi üzrə dünya şöhrətli bir alimin Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) haqda yazdığı bir əsərə biganə qala bilməzdik. İkincisi, əsərin səhifələrini vərəqlədikcə kitabda yol verdiyi nöqsan və xətalara baxmayaraq, müəllifin səmimiyyətinə və Peyğəmbərimizi anlama cəhdinə siz də şahid olacaqsınız. Üçüncüsü, müəllif və mövzu amilinin Həzrət Məhəmməd Mustafanın (sallallahu aleyhi və səlləm) dünyasından bixəbər insanları da bu kitaba cəlb edəcəyini düşündük. Liderlik sirlərini öyrənməyə çalışan müasir insanın bu kitabı oxumaqla Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bu sahədə də ən gözəl örnək olduğunu görməsi, anlaması və ən azı bu məqamda Onunla, onun həyatı ilə tanış olması, bizə görə, çox əhəmiyyətlidir.

Con Adeyr kimi tanınmış bir insanın oxucularına uğura gedən yolun çağdaş dünyadakı amansız prinsiplərindən de­yil, bambaşqa düsturlarından (təvazökarlıq, yardımsevərlik, məşvərət, insanların dərdlərini bölüşmə) danışması, üstəlik bu fikirlərini Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) şəxsiyyəti və həyatı fonunda izah etməsi kitabı tərcümə eləmək niyyətimizi qətiləşdirdi.

Müəllifin məhz bu mövzuda kitab yazmasının subyektiv səbəbləri də var. Belə görünür ki, Adeyrin gəncliyində Ərəb Legionunda alay yavəri işləməsi, yəni bir müsəlman ölkəsində bir müddət yaşaması həm bu mövzuda bir əsər yazmaq qərarına gəlməsində, həm də kitabda bəzi məqamları ön plana çıxarmasında müəyyən rol oynamışdır. Belə ki, müəllif bir liderdə köçərilərə, bədəvilərə (cəsarət, qorxmazlıq, dürüstlük…) və şə­hərlilərə, mədənilərə xas məziyyətlərin ən gözəl biçimdə bir­ləş­diyini vurğulasa da, kitabda birinci xüsusa nisbətən daha çox yer vermişdir. Bu baxımdan qeyd edək ki, kitab sözügedən mövzuda yekun araşdırma, yəni son söz deyil, bir giriş mahiyyətini daşıyır. Mövzunun Adeyrin açdığı yolla və müasir perspektivdə yenidən işlənməsinə və daha mükəmməl tədqiqatların ortaya qoyulmasına ehtiyac var.

Xatırladaq ki, kitabın orijinalında olmasa da, biz Peyğəmbərimiz Həzrət Məhəmmədin (sallallahu aleyhi və səlləm), di­gər peyğəmbərlərin və səhabələrin adının əvvəlinə ehtiram əla­məti olaraq “Həzrət” kəlməsini əlavə etmişik.

Kitabın qüsur və xətalarını minimum səviyyəyə endirmək məqsədilə tərcüməni bu sahənin mütəxəssisinə həvalə etməklə yanaşı, tədqiqatçıların köməyindən faydalanaraq kitabda ve­rilən bütün hadisələri mənbələri ilə qarşılaşdırıb istinadları hazırlamışıq.

Tərcüməçidən

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

– Dəhşətli hadisədir. Başdan ayağa hiyləgərliklə doludur.

– Amma bu, həqiqətdir, – bədheybət etiraz etdi, – Bir çox həqiqətlər yalana bənzəyir. Hər krallığın taxtına ona layiq krallar oturur. Kəndli qızları günahsız yerə ölür, bəzən də cadugərlər xilas edilməyə layiq olurlar. Təəccüblü gəlsə də, əslində bütün bunlar çox tez-tez baş verir.

Patrik Ness, “Bədheybətin səsi”

Kateqoriyalar


Copy Right © 2013
Bütün hüquqları qorunur.