Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

“Yaxşı yazı yazma” kitabının tərcüməsi 2 / Uilyam Zinser

Tarix: 15.01.2016 | Bu məqalə 757 dəfə oxunub.

2. Sadəlik
Söz zibili – bu, ölkəmizin bəlasıdır. Biz amerikalılar ağır ifadələrlə, lazımsız təkrarlarla, təmtəraqlı bər-bəzəklərlə və anlamsız jarqonlarla özümüzü boğuruq.
Anlaşılmaz yekrəngli amerikan kommersiya dilini kim başa düşər – memorandumlar, korporativ hesabatlar, işgüzar yazışmalar, müştərilərlə iş barədə “sadələşdirilmiş” son sxemə dair bank məlumatları? Sığorta və ya tibbi xidmətə ehtiyacı olan hansı insan təklif olunan xidmətin xərc və yararlarını göstərən broşüru oxuyub anlayar? Bu vaxtadək hansı valideyn qutunun üstündəki instruksiyaya görə uşaq oyuncağını yığmağa nail olub? Bu bizim potensial xəstəliyimizdir – nitqimizi bəzəməyə çalışırıq ki, savadlı görünək. Pilot deyir ki, böyük yağıntı ilə üzləşməkdən ehtiyat edir. Ancaq ağlına gəlmir ki, yağışdan qorxuram desin. Bu ifadə həddindən artıq sadədi – demək ki, nəsə qaydasında deyil.
Əgər siz hər cümlədə yalnız ən vacib sözləri saxlayıb qalanlarını “təmizləməsəniz”, mükəmməl yaza bilməzsiniz. Məna yükü daşımayan hər söz, qısa alternativi olan hər uzun söz, felin yanında durub onun mənasını özünəxas şəkildə təkrar edən zərf, oxucuya kimin hansı işi gördüyünü aydın anlamaqda çətinlik yaradan hər bir passiv konstruksiya, – budur cümlənin gücünü azaldan min bir qarışıq. Və onların miqdarı adətən yazarın təhsil və statusundan asılıdır.
1960-cı illərdə oxuduğum universitetin rektoru tələbə şəhərciyində baş verən çaxnaşmadan sonra son kurs tələbələrini sakitləşdirmək üçün məktub yazır. “Yəqin xəbəriniz var ki, – yazır o – son vaxtlar biz bir-biri ilə olduqca zəif əlaqədar olan səbəblər üzündən gözlənilməz ciddi nəticələr doğuran narzıçılıq ifadələrini müşahidə edirik”. O demək istəyirdi ki, tələbələr administrasiya şöbəsinə müxtəlif iddialar irəli sürüblər. Yetirmələrin narazılıq ifadələrinin doğurduğu nəticələrdən çox, mənim əhvalımı pozan rektorun ədəbi tərzi idi. İstərdim ki, o, 1942-ci ildə öz hökümətinin sərancamı ilə binaların qaraldılmasına dair verilən fərmanı insan dilinə çevirməyə çalışan prezident Franklin Ruzveltdən nümunə götürsün:
Havadan hücum zamanı bütün bələdiyyə obyektlərinin qeyri-məhdud vaxta federal hökümət tərəfindən daxili və xarici işiqlandırılmanın izoloyasiyası vasitəsilə tam görünməzliyi təmin edilməlidir.
“Onlara deyin ki, — rica etdi Ruzvelt — əgər bombardıman zamanı işdən çıxa bilmirlərsə, qoy bir şey tapıb pəncərələri örtsünlər, özü də möhkəm”.
“Sadələşdirin, sadələşdirin”, — bizə xəbərdarlıq edir Toronun bu ifadələri və heç bir amerika yazarı öz ideyalarını onun qədər məntiqi ardıcıllıqla nəql eləməmişdir. Uoldenin istədiyiniz kitabını açın, siz ağlındakını sadə və aydın şəkildə nəql edən insanın səsini eşidəcəksiniz:
Səmərəli ömür keçirmək, həyatın yalnız ən vacib həqiqətləri ilə məşğul olmaq, ondan nəsə bir şey öyrənmək, bir gün ölümlə üz-üzə gələndə “mən ki yaşamamışam” deməməmək üçün meşəyə köçdüm.
Biz, hamımız neyləyək ki, nitq “zir-zibil”indən qurtulub bu qibtə oyadan azadlığa nail olaq? Bundan ötrü zehnimizi təmizləmək lazımdır. Kim ki aydın düşünür, aydın da yazır; biri olmadan o biri olmur. Bulanıq fikirli insan kamil dillə yazı yaza bilməz. Ola bilsin bir yol tapıb bir neçə abzasın öhdəsindən gəlsin, ancaq oxucunun onun məqaləsinə marağı tezliklə itəcəkdir, bu isə ən kədərli (istənilməyən) nəticədir, çünki təzədən onda maraq oytamaq olduqca çətindir.
Kimdir bu “oxucu” adlı kaprizli məxluq? Kənardan stimul verməsəniz, otuz saniyə sonra konsentrasiyası pozulur, üstəlik onun diqqəti üstündə külli miqdarda müxtəlif qüvvələr mübarizə aparır. Bir vaxtlar bu qüvvələrin sayı nisbətən az idi: qəzet, jurnal, radio, ər və ya arvad, uşaqlar, ev heyvanları. Bu gün buna bir “qalaktika” əyləncəyə xidmət edən elektronik ixtiralar və informasiya ötürücüləri: televizor, maqnitofon, DVD və SD-pleyer, videooyunlar, internet, elektron poçt, mobil telefon, smartfon, aypod – üstə gəl fitnes-klublar, hovuzlar, idman sahələri və ən böyük rəqib – yuxu əlavə olunub. Əlində kitab və ya jurnalla kresloda mürgüləyən insan – yazarın bütün səylərinin hədər olduğunu göstərən canlı şahiddir.
Bəzi müəlliflər hesab edirlər ki, guya oxucular onların fikirlərinin gedişatını izləmək üçün həddindən artıq axmaq və ya tənbəl olur, amma bu, uğursuz bir bəraətdir. Bir qayda olaraq oxucu, marağını yazarın diqqətsizliyindən itirir. Bu diqqətsizlik müxtəlif formalarda özünü göstərir. Hərdənbir cümlə o qədər zibillənmiş olur ki, söz qalağını yara-yara irəliləyən oxucu sadəcə olaraq onun mənasını tuta bilmir. Bəzən cümlə, o qədər pis qurulmuş olur ki, oxucu onu bir neçə müxtəlif mənalarda anlayır. Hərdənbir müəllif cümlənin gedişatında “yolüstü” əvəzliyin mənasını və ya feillərin zamanını elə dəyişdirir ki, oxucu çaş-baş qalır, nəql edilən əhvalıtı kim danışır və ya hadisə nə vaxt baş verir. Bəzən B cümləsi qeyri-məntiqi şəkildə A cümləsi ilə bağlanır: bu əlaqəni aydın şəkildə görən yazar isə çatışmayan hissəni qoymağa unudur. Hərdənbir müəllif bir sözü yanlış istifadə edir, çünki özünə əziyyət verib lüğətə baxmır.
Bu cür maneələrlə qarşılaşaraq oxucu əvvəlcə eytiyat göstərir. Onlar özlərini günahlandırır (yəqin, nəsə ötürüblər!) və təkrar anlaşılmaz cümləyə və ya abzasa qayıdır, qədim runlar kimi onu sümüklərinə ayırır, fərziyələr qurur, sonra da yola davam edir. Lakin bu, uzun çəkmir. Yazar oxucunun işini ağırlaşdırır və o, tezliklə birindən ayrılıb başqasına – daha mahir olana üz tutur.
Ona görə də yazarlar gərək daim öz-özünə bu sualı versinlər: mən nə demək istəyirəm? Qəribə haldır ki, çox vaxt onlar özləri də bunu bilmirlər. Ardınca gərək yazdıqları yazıya baxsın və sual versinlər: istədiyimi deyə bildimmi? Bu mövzu ilə ilk dəfə qarşılaşan insanlara fikirlərim aydın olacaqmı? Əgər cavabınız mənfidirsə, demək mexanizmə toz-torpaq qarışıb. Yaxşı yazarın beyni kifayət qədər aydındır, ona görə də o, bu toz parçacıqlarını görür və tutub atır.
Mən onu demək istəmirəm ki, bəzi insanlar dünyaya aydın beyinlə gəlir və ona görə də yaxşı yazar olmaq üçün hər cür imkana sahibdirlər, digərlərinin zehni isə fitrən zibillənmiş olur, dolayısilə onlar heç vaxt yaxşı yazı yazmağı öyrənə bilmirlər. Məntiqi yanaşma tələb edən alış-veriş siyahısından tut, riyaziyyat məsələləsini həll etməyə qədər, istənilən problemlə qarşılaşan hər bir insanın elədiyi kimi, yazar da aydın düşünmək üçün özünü məcbur eləməlidir. Yaxşı yazı yazma bacarığı heç də anadangəlmə olmur, amma görünür əksəriyyət bunu belə düşünür. Professional yazarlar çox vaxt: “Mən də bir gün bir şey yazacam” sözlərini eşidirlər; insanlar demək istəyir ki, ös peşəmdən – sığorta və ya daşınmaz əmlak kimi böyük əmək tələb edən işlərdən ayrılandan sonra bu işlə məşğul olacağam. Bəziləri isə: “Mən bu haqda bir kitab yazardım” deyirlər. Mən isə buna şübhə ilə baxıram.
Yazmaq ağır işdir. Aydın bir cümlə heç də təsadüf deyil. Cümlələr çox nadir hallarda birinci, hətta üçüncü dəfədən aydın şəkil alır. Ümidsiz dəqiqələrdə bunu xatırlayın. Əgər gördünüz ki, yazmaq çətindir, təəccüblənməyin. Çünki bu, adətən belədir.
“Yaxşı yazı yazmağın yolları” kitabının birinci nəşrinə hazırlanan bu fəslin əl yazmasının son variantının iki səhifəsi. Yarımçıq qaralamaya oxşasa da, əslində istənilən digər səhifələr kimi onlar da köçürülmüş, dörd və ya beş dəfə təkrar çap olunmuşdu. Hər dəfə təkrar köçürəndə mən ondan faydalı iş görməyən hər şeyi çıxarmağa çalışıram ki, mətn çox yığcam, dəqiq və ifadəli alınsın. Sonra onu ucadan oxuyaraq üstündən bir də keçirəm və həmişə heyrətə gəlirəm ki, hələ nə qədər atılası “zir-zibil” var. (Sonrakı nəşrlərdə mən yazar və oxucunu göstərən “o” seksist əvəzliyini çıxardım.)

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

Nə fikirləşirsən fikirləş, əhəmiyyəti yoxdur, – bedheybət sözünə davam etdi, – gün ərzində bəlkə də yüz dəfə öz-özünə zidd gedirsən. Bir tərəfdən ananın getməsini istəyirdin, digər tərəfdən isə məni köməyə çağırırdın ki, onu xilas edim. Ağlının bir küncündə dillənən və sənə rahatlıq gətirən yalanlara inanırdın. O yalanları doğuran acı həqiqəti də bilirdin. Hər ikisinə inandığına görə öz-özünü cəzalandırırdın.

Patrik Ness, “Bədheybətin səsi”

Kateqoriyalar


Copy Right © 2013
Bütün hüquqları qorunur.